Hədəflərimiz
"Həyatın məqsədi – məqsədli bir həyatdır" - deyən Bakı Modern Təhsil Kompleksinin bir çox hədəfləri var. BMTK -in arzusu, məqsədi Azərbaycanın gələcək nəslini sağlam və savadlı yetişdirməkdir.
Bakı Modern Təhsil Kompleksinin hədəflərindən biri şagirdlərimizin vətənpərvərlik, türkçülük və dövlətçilik prinsipləri əsasında milli–mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi ilə yanaşı, fiziki, psixoloji və mənəvi cəhətdən sağlam fərdlər kimi yetişdirilməsidir.
Düzgün təşkil edilmiş fiziki tərbiyə dərsləri və dərsdənkənar məşğələlər böyüyən nəslin nəinki fiziki inkişafını, həmçinin şagird psixologiyasının xüsusiyyətlərini müəyyən etməyə , proqnozlaşdırmağa və düzgün istiqamətləndirməyə imkan verir. Bununla yanaşı, Bakı Modern Təhsil Kompleksi şagirdlərimizin gündəlik qidalanmasını fərdi olaraq tərtib etməsi və günümüzün sağlamlıqla bağlı olan böyük problemlərinin qarşısı erkən vaxtlardan alınması üçün ixtisaslaşmış mütəxəssisləri cəlb etmişdir. Məktəbimizdə şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması, təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
Təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə məktəbimizdə “Monitorinq və qiymətləndirmə” şöbəsi yaradılmışdır. Məktəbdə təhsil prosesi qarşısında duran məqsədlərdən ən mühümü və mürəkkəbi təhsildə keyfiyyətə nail olmaqdır. Bu gün BMTK-da təhsilin keyfiyyətini artırmaq məqsədilə ilk növbədə rəhbərliyin yaranmış problemlərə şəxsi mövqeyi müəyyənləşdirilir,yerli və xarici təcrübənin nəticələri öyrənilir, müəllimlərin, şagirdlərin imkan və tələbatları nəzərə alınır. Müasir təhsil şəxsiyyətyönümlü olmalıdır. Buna görə də məktəbdə şagirdlərin bütün fəaliyyət növləri üçün hərtərəfli məqsədləri müəyyənləşdirilir. Dərin, möhkəm, nəzəri və praktik əhəmiyyət kəsb edən, daim inkişaf etdirilmə imkanı olan bilik, bacarıq və vərdişlərə sahib müdrik insanlar yetişdirmək məqsədilə məktəbin bütün resurslarından səmərəli istifadə olunur. Bütün təhsil pillələri üzrə tədris proqramlarının, o cümlədən inteqrasiya olunmuş proqramların hazırlanması, onlara uyğun dərs vəsaitlərinin, dərsliklərin hazırlanması, sınaqların keçirilməsi təşkil olunur. Şagird və müəllimlərin asudə vaxtlarının səmərəli keçirilməsi, pedaqoji-psixoloji xidmət təşkil olunur.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də yeniliklər, innovasiyalar və qloballaşma diqqət mərkəzində olan və öz aktuallığını və zəruriyyətini qoruyub saxlayan mövzulardandır. Bu isə öz növbəsində bütün sahələrdə səriştə və biliklərə olan tələbatların artmasına gətirib çıxarır və həmin sahələrdə yüksək nailiyyətlərin əldə edilməsi və müvəffəqiyyətlərə nail olmağı daha da çətinləşdirir. Daimi inkişaf, ən son biliklərə yiyələnmək və qlobal trendləri təkib etmək, bunları vərdiş halına çevirmək məktəbimizin hədəflərindən biridir. Məktəbimiz fəaliyyətini başladığı vaxtdan etibarən istər təhsil-tədris prosesi, istərsə də sosial fəaliyyətlərindən son yenilikləri tətbiq edib və daimi inkişafı prioritet hədəflərindən biri kimi seçibdir. Buna nümunə kimi məktəbin beynəlxalq hissəsində yeniliklə tətbiqinə başlanan dünyanın ən müvəffəqiyyətli beynəlxalq məktəblərinin seçimi olan Amerikanın“Commom Core State” tədris metodunu göstərmək olar. Bu metod məktəbimizin məqsədi olan kritik tənqidi düşüncənin formalaşdırılması və inkişaf etdirilməsi üçün hal-hazırda ən əlverişli yol hesab edilir.Bundan başqa məktəb müdiriyyəti şagirdlərimizin yaradıcılığının artırılması, peşəkar və akademik həyata hazır olmaları üçün də daima yeniliklərin gətirilməsi və daha mövcud olan metodların inkişaf etdirilməsini daima nəzarətdə saxlayır.
Etik normaların qorunub saxlanılması. Kompleksimizdə etika və dürüstlüyün qorunub saxlanması, habelə şagirdlərdə bu normaların aşılanması hər bir müəllim və işçinin öhdəsinə düşən borcdur. Dünya təcrübəsi göstərir ki, istər təhsil fəaliyyəti ilə məşğul olan qurumun yüksək nailiyyətlər əldə etməsi üçün dürüstlüyün və yüksək etik normaların gözlənilməsi çox mühüm amildir. Etikanın qorunub saxlanılması məktəbimizdə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
- Etik normaların şagirdlərin davranışlarına tətbiqi;
- Məktəbin təhsil-tədris, habelə idarəetməsində etik normaların tətbiqi;
- Valideynlərə qarşı etik normaların və dürüstlüyün tətbiqi.
Valideynlər uşaqların əsas tərbiyəçiləridirlər, buna baxmayaraq, məktəbimiz də şagirdlərdə yüksək mənəvi dəyərlərin formalaşması və inkişafında öz töhfələrini əsirgəmir. Məktəbimizdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər şagirdlərin ləyaqətli vətəndaş kimi formalaşması üçün onlarda məsuliyyət, sədaqət, dürüstlük, insanlığa və qanuna hörməti daima aşılayırlar.Məktəbimiz işçilərindən öz işlərinə məsuliyyətlə yanaşmağı, gördüyü işlərə görə hesabat verməyi və yüksək səriştə göstərməyi tələb edir. Bununla yanaşı, məktəb rəhbərliyi bütun daxili qayda və normaları işçilərə bərabər və ədalətli şəkildə tətbiq olunmasına nəzarət edir. Təhsil-tədris prosesindən başqa, məktəb valideynlərlə münasibətdə də qeyri-etik davranışlara yol vermir, dürüstlük və ədalətliliyin qorunub saxlanmasına ciddi nəzarət edir. Məktəb rəhbərliyi verilmiş hər hansı bir qərarın valideynlərə bərabər şəkildə tətbiq olunmasını təmin edir.
Vətənpərvərlik və milli adət-ənənələr. Azərbaycan xalqı qədim tarixə, zəngin adət-ənənələrə, mənəvi dəyərlərə, zəngin mədəni irsə malik olan bir xalqdır. Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi BMTK tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ulu öndərimiz Heydər Əliyev bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz bizim tariximizi , milli dəyərlərimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
BMTK-da qorunub saxlanılması istiqamətində çoxlu tədbirlər keçirilir. Məktəb şagirdlərinin iştirakı ilə hər il Novruz bayramı və digər milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi buna sübutdur. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olunmasına diqqəti cəlb edərək : “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”, - söyləyib.
BMTK-ın məktəbəqədər təhsilinin əsas məqsədi - təhsil, təlim, uşağın sağlamlığının və fiziki inkişafının mühafizəsi, sağlam həyat tərzinin formalaşması üçün şərait təmin etməkdir.
- Əsas məsələlər:
• uşağın şəxsiyyət kimi vahid inkişaf etdirilməsi;
• uşaqların öyrənmə fəaliyyətinin formalaşdırılması, onların idrak maraqlarının inkişafı;
• təhlil etmə, özünüqiymətləndirmə qabiliyyətinin inkişafı;
• böyüklərə və həmyaşıdlara qayğı, hörmət münasibətinin formalaşdırılması;
• müxtəlif sənət növlərinə sevginin tərbiyə edilməsi, bədii zövqün inkişafı;
• əmək bacarıqlarının təkmilləşdirilməsi, əməksevərlik hissinin inkişafı;
• sərbəst oriyentasiya və real dünyada aktiv fəaliyyətə hazır olmanın formalaşması.